Xətai nümayəndə heyəti Tarsus şəhərində Ulu Öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə ilə Heydər Əliyev parkında keçirilən anım tədbirində iştirak edib

Türkiyədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü geniş qeyd olunur. Bu çərçivədə qardaş ölkənin Mersin vilayətində Xətai rayonu və yerli hakimiyyət orqanlarının birgə təşkilatçığı ilə silsilə tədbirlər keçirilib.

2007-ci ildə Xətai rayonu ilə qardaşlaşmış şəhər elan edilən Mersinin Tarsus şəhərindəki Heydər Əliyev Parkı yerli sakinlər, eləcə də şəhərin qonaqlarının ən sevimli istirahət mərkəzlərindən biridir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümləri ilə bağlı tədbirlərin bu parkda keçirilməsi isə son illərin xoş ənənəsinə çevrilib.

Tədbirdə Mersin və Tarsusun hakimiyyət orqanlarının rəhbərləri, Azərbaycan nümayəndə heyətinin üzvləri, yerli ictimaiyyətin nümayəndələri, ziyalılar iştirak edirdilər. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyev və iki ölkənin şəhidlərinin xatirəsini ehtiramla yad etdilər.
Azərbaycan və Türkiyənin dövlət himləri səsləndi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı ömür yolu və zəngin siyasi fəaliyyətini əks etdirən film böyük maraqla izləndi.
Daha sonra çıxış edən Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin gücləndirilməsi, dövlət quruculuğu, eləcə də qardaş Türkiyə ilə münasibətlərinin inkişafındakı misilsiz xidmətlərindən danışdı.

Tarsus Bələdiyyəsinin sədri Şevket Can, Milli Məclisin üzvü Hüseynbala Mirələmov, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim və digər natiqlər qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyev adını tarixin qızıl səhifəsinə yazdıran dahi şəxsiyyətlərdən biridir. Mersin Bələdiyyəsinin sədri Burhanəddin Kocamaz, Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.

Yerli məktəblilər Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən rəqslər ifa etdilər.Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin parkda ucaldılmış heykəli önünə tər çiçəklər düzdülər. Daha sonra qonaqlar dahi şəxsiyyətin adını daşıyan parkı gəzərək, 2.5 hektar ərazini əhatə edən parkın ətrafında aparılan abadlıq işləri ilə tanış oldular.