Vüqar Rəhimzadə: Türk dünyasını yenidən birləşdirəcək Zəngəzur dəhlizi regionda sülhün daimi olmasına unikal imkanlar yaradacaq

“Bizim birliyimizdən çox şey asılıdır” söyləyən dövlətimizin başçısı  İlham Əliyev  daim bu
çağırışı da  edirdi ki,  türkdilli dövlətlərin birliyi daha da gücləndirilməli, bir ölkənin problemi
digər ölkənin problemi kimi qəbul olunmalıdır. Türkiyə-Azərbaycan birliyi ümumilikdə bütün
türk dünyasına nümunə göstərilir. Möhtərəm Prezidentimiz  İlham Əliyevin Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündəki
nitqində yer alan fikirlər  yalnız  ölkəmizin deyil,  eyni zamanda,  türk dünyasının bu günü və
gələcəyi baxımından xüsusi əhəmiyyətə malikdir. »


Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə
açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı  İlham Əliyevin toplantıdakı çıxışını əsasən
Qarabağ mövzusuna həsr etməsi Onun   növbəti dəfə bütün platformalarda Azərbaycanın milli
maraqlarını prinsipiallıqla ifadə və müdafiə etdiyini ortaya qoyur: “Prezident İlham Əliyev Zirvə
görüşündəki nitqində  Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünə  faktlar əsasında diqqət
yönəltdi.  Ermənistanın sistemli şəkildə təxribatlar törətdiyini, azərbaycanlıların milli heysiyyatı
ilə oynadığını, bu hərəkətlərin dözülməzliyini, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır
və nöqtə” bəyanatının və 2020-ci ilin yayında Ermənistanın sabiq müdafiə nazirinin yeni
əraziləri işğal etmək anonslarını bir daha diqqətə çatdıran cənab İlham Əliyev ardıcıl təxribatlara
cavab olaraq 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən və  Azərbaycanın hərbi-
siyasi Qələbəsi,  Ermənistanın kapitulyasiyası ilə nəticələnən   44 günlük Vətən müharibəsinin
baş verdiyini bildirdi.  Bir daha qeyd etdi ki, Ermənistanın xarici dəstək olmadan Azərbaycan
torpaqlarını uzun müddət işğal altında saxlaması mümkünsüz idi. ATƏT-in Minsk qrupunun
fəaliyyətsizliyi ucbatından yaranmış vəziyyət,  BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin
kağız üzərində qalması işğalçı dövlətin danışıqlar prosesini imitasiya naminə aparması ilə
müşayiət olunurdu. Nəzərə alsaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri –ABŞ, Fransa və
Rusiya, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının veto hüququna malik daimi üzvləri,
dünyanın aparıcı dövlətləridir, 30 ilə yaxın müddətdə işğalçı Ermənistana qətnamələrə məhəl
qoymamasına, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmasına görə hansısa
bir sanksiyanın tətbiq edilməməsi daim sual doğuran məqamlardan olub. Ərazisinin   20 faizi 
işğal altında, bir milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətində olan
 Azərbaycan  haqsızlıqlarla, dünyanın ikili siyasəti ilə üz-üzə qalanda Ermənistanın işğalçılıq,
etnik təmizləmə, soyqırımı və sair kimi  cinayətkar əməllərinə hüquqi və siyasi qiymət verilməsi
aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları qətiyyən  düşündürmürdü.  Dövlətimizin
başçısı İlham Əliyev  nitqində səslənən   “Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq
göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan
sülh yolu ilə öz həllini tapa bilərdi» kimi bəyanatlar 30 ilə yaxın dövrdə Ermənistana maddi və
mənəvi dəstək göstərən, bu kasıb, hətta mən deyərdim ki, dilənçi  ölkəyə ən müasir, alınması
böyük məbləğdə vəsait tələb edən silahlar hədiyyə edən dövlətlərə ciddi dərs olmalıdır.

Bəyanatlar kağız üzərində qalıb saraldıqca dünya dövlətləri özlərinə qarşı inamsızlıq mühiti
yaratmaqla yanaşı, beynəlxalq hüquq probleminin yaşandığını  da təsdiqləmiş olurdular.
 Azərbaycan Ordusu möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə 30 ilin işğalına son qoydu, dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq
təşkilatların bu müddətdə edə bilmədiklərini 44 gündə etdi, BMT Təhlükəsizlik Şurasının
qətnamələri icra olundu.»
Baş redaktor bildirib ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı şanlı
tarixlə regionda və dünyada yeni reallıqlar yaratdı.  Bu gün həmin reallıqların ölkəmizin
qarşısında  geniş imkanlar açdığının şahidiyik: «Hazırda “Dağlıq Qarabağ” adında ərazi subyekti
yoxdur və olması da mümkün deyil. Bu gün Azərbaycan yalnız öz daxilində deyil, regionda və
dünyada  təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısı kimi çıxış edir. Dövlətimizin başçısının 
nitqində yer alan digər   məqam – Zəngəzur dəhlizinin tarixi əhəmiyyəti də bunu deməyə əsas
verir. 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə
görüşündə Prezident İlham Əliyevin Zəngəzurla əlaqədar söylədiyi “2009-cu ilin oktyabrında
dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə görüşündə
ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas
hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin
Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan
parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının
birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının
yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsi türk
dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir» fikirləri perspektivlərin aydın mənzərəsini
yaratmışdır. Həmin bəyanatın səsləndirilməsindən, yəni 2009-cu ildən ötən  müddət ərzində 
qarşıya qoyulan məqsədə nail olmaq üçün ciddi səylər göstərilib.  Cənab İlham Əliyev Türk
Şurasının qeyri-formal Zirvə görüşündə  bugünümüzün reallıqlarına söykənərək bu fikri böyük
əminliklə qeyd etdi ki,  Zəngəzur türk dünyasını yenidən birləşdirəcək, regionda sülhün,
təhlükəsizliyin, sabitliyin və inkişafın daimi olması üçün yeni imkanlar yaradacaq.  Verilən  hər
bir mesaj özündə müəyyən hədəfləri ehtiva etməklə yanaşı, türk dünyasına çağırışdır. Məhz bu
baxımdan cənab İlham Əliyev Zirvə görüşündəki  nitqini Dağlıq Qarabağ məsələsinə həsr etdi.
Bununla bir daha bəyan etdi ki,  dost ölkələrin rəhbərləri məsələnin mahiyyətini dərindən
bilməlidirlər. Bu əminlik də ifadə olundu ki,  növbəti canlı təmaslar əsnasında  bu məsələni daha
geniş formatda müzakirə edəcəyik.»
Vüqar Rəhimzadə  bildirib ki, göründüyü kimi,  hər bir beynəlxalq səviyyəli tədbir əhatə etdiyi
mövzunun aktuallığı ilə yanaşı, quruma üzv dövlətlərin  malik olduğu imkanların, həmçinin bir-
birinə münasibətlərinin təqdimatında əhəmiyyətli rol oynayır: «Ən əsası bu reallıq bir daha önə
çəkilir ki, səylər birləşdiriləndə, məsələyə ədalətli yanaşma olduqda hədəfə tez və lazımi
səviyyədə çatmaq mümkündür. Azərbaycan-Türkiyə birliyini önə çəkən möhtərəm Prezidentimiz
İlham Əliyev bildirmişdir ki, Vətən  müharibəsinin ilk günündən qardaş Türkiyədən böyük
dəstək aldıq.  Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Türkiyə Prezidenti
dünyaya bu mesajı çatdırdı ki, Azərbaycan tək deyil, Türkiyə daim onun yanındadır. Azərbaycan
bu dəstəyi Vətən müharibəsi başlanandan bu günə, işğalandan azad edilmiş torpaqlarımızda
quruculuq və bərpa işlərinin aparılmasınadək hiss edir.   Türk Şurasının  Zirvə görüşündə “Qırx
dörd gün davam edən, dastana bənzər mübarizədən sonra 30 illik işğal sona çatıb, Dağlıq
Qarabağ Ana Vətənlə yenidən qovuşub” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
ən qısa zamanda – Ramazan bayramından sonra özünün dediyi kimi, qardaşı, dövlətimizin
başçısı  İlham Əliyevlə  birgə Şuşanı ziyarət etmək arzusu da bu birliyin uğurlu davamının,
sarsılmazlığının göstəricisidir.»