Vüqar Rəhimzadə: Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubları göstərir ki, Azərbaycan dünya birliyinin ən etibarlı tərəfdaşıdır

«Azərbaycanın sivil dünyaya inteqrasiyasını təmin etməklə qloballaşma dövrünün çağırışına uyğun müasir, modern dövlət quran yeni əsrin yeni lideri,  möhtərəm Prezidentimiz  İlham Əliyev 2020-ci ildə adını qalib ölkənin qalib Sərkərdəsi kimi tarixə yazdı. Şübhəsiz,  ən çətin məqamlarda belə dövlətin, xalqın maraqlarına uyğun qərarlar verməsi cənab İlham Əliyevin qətiyyətli mövqeyindən, siyasi iradəsindən, liderlik fəlsəfəsindən, dövlətçilik təcrübəsinin zənginliyindən irəli gəlir. Müasir şəraitdə Azərbaycanın intellektual  potensialının inkişafı, texnoloji innovasiyaların təkmilləşdirilməsi,   bütün sahələrdə tərəqqi möhtərəm  Prezidentimizin titanik fəaliyyətinin  başlıca hədəflərindəndir.

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 103 illik tarixi vərəqlənəndə  müstəqilliyimizin bərpasından keçən son 30 ildə   Heydər Əliyev siyasətinin uğurlarını daha aydın görür,  qalib ölkənin vətəndaşı olmaqdan böyük qürur hissi keçiririk. Respublika Günü münasibətilə  Prezident İlham Əliyevə  ünvanlanan təbrik məktubları göstərir ki, Azərbaycan dünya birliyinin  ən etibarlı tərəfdaşı, qlobal layihələrin təşəbbüskarı, dünyada sabitliyin bərqərar olunması üçün təcrübəsi öyrənilən tolerant ölkədir. Dövlətimizin başçısı isə  qətiyyətli mövqeyi, nəyi nə zaman etmək lazım olduğunu bilmək bacarığı ilə  beynəlxalq arenada böyük hörmət və nüfuz sahibidir.»

Bu fikirləri «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə Azərbaycanın malik olduğu imkanların, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin yaratdıqları  möhkəm siyasi və iqtisadi bazanın ölkəmizin  hər bir çətinlikdən uğurla çıxmasını təmin etdiyini vurğulayıb: «44 günlük İkinci Qarabağ müharibəsi, 2019-cu ildən dünyanı cənginə almış COVID-19 pandemiyası ilə mübarizə tədbirləri Azərbaycanın malik olduğu imkanların, həmçinin beynəlxalq aləmdə yerinin və rolunun təqdimatında əhəmiyyətli rol oynadı. Ən əsası Azərbaycan dünyaya bu mesajı ünvanladı ki, səmimiyyət, qarşılıqlı   hörmət  prinsipləri əsasında birlik, həmrəylik nümayiş etdirərək, beynəlxalq hüququn norma və prinsiplərini öndə saxlamaqla hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür. COVID-19-la mübarizə tədbirləri çərçivəsində  dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi, 30-dan artıq ölkəyə humanitar yardımın göstərilməsi,  vaksinasiya prosesində ədalət prinsipinin qorunması kimi çağırışlar Azərbaycanın  siyasətində nə qədər  düzgün, səmimi olduğunu, ən əsası ədalətə, beynəlxalq hüquqa önəm verdiyini ortaya qoyur. 

    ABŞ Prezidenti Cozef Baydenin dövlətimizin başçısı İlham Əliyevə təbrik məktubunda da bildirilir ki, Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına,  işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. ABŞ Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdardır,  ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiqdir. Cənab İlham Əliyevə ünvanlanan təbrik məktubları bir daha Vətən müharibəsinin yaratdığı yeni reallıqların münasibətlərdə hansı səhifəni açdığını ortaya qoyur.  Ümumiyyətlə, Azərbaycanın dünya birliyi ilə   əlaqələrində yeni səhifənin açıldığını söyləsək, səhv etmərik. Çünki bugünədək bəzi dövlətlər  kağız üzərində bir, əməldə başqa mövqe nümayiş etdirsələr də artıq  tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli  30 ilə yaxın dövrün reallıqlarını hərtərəfli şəkildə nümayiş etdirərək, sanki dünyaya sözlə əməl birliyinə  riayət etmək çağırışını ünvanladı.»

Baş redaktor diqqəti Prezident  İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirdiyi müzakirələrdə səsləndirilən fikirlərə, ona ünvanlanan suallar fonunda dövlətimizin başçısının  faktlara, reallığa əsaslanan cavablarına yönəldərək bildirib ki,  bu tədbirdə də Azərbaycanın xarici siyasət uğurları önə çəkildi. Ölkəmizin təşəbbüsü ilə  keçirilən beynəlxalq səviyyəli tədbirlər, həmçinin  Rusiya və ABŞ-ın ən yüksək rütbəli hərbi rəsmilərinin
 bir araya gəlib fikir mübadiləsi aparmaq üçün  ən sabit, təhlükəsiz məkan kimi Azərbaycanı seçmələri  də təsadüfi deyil.  Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında yer alır. Eyni zamanda, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar, ən əsası heç bir dövlətin daxili işinə müdaxilə etməmək  prinsipləri əsasında əlaqələr qurur və  bu münasibətlərin müxtəlif prioritetlər üzrə inkişafını stimullaşdırır.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla birgə təşkil etdiyi  biri-birindən önəmli  konfranslarda, sivilizasiyalararası dialoqlarda, humanitar  forumlarda dünyanı düşündürən hədəflərin əks olunduğu  çağırışların məhz Bakıdan  səslənməsi, beynəlxalq aləmə sülh, birlik, həmrəylik mesajlarının ünvanlanması  ölkəmizə humanitar platforma kimi nüfuz qazandırmaqdan əlavə həm də  dünyanın supergüclərinin ən yüksək rütbəli hərbi rəsmilərinin bir araya gəlmək üçün ölkəmizi məkan  seçmələri  Azərbaycanın müdafiə qüdrətinin təqdimatıdır. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun yazdığı tarix bu təqdimatı daha da zənginləşdirdi. Bu gün Azərbaycanın hərbi  təcrübəsi beynəlxalq səviyyədə  öyrənilir, texnoloji  proseslərin inkişafı, torpaq, Vətən sevgisi  ruhunda Qələbənin təmin edilməsi sahəsində qazandığımız Zəfər   geniş təhlil olunur.

«Möhtərəm Prezidentimiz  İlham Əliyev 44 günlük Vətən müharibəsində dünyanın 30-a yaxın  nüfuzlu media qurumuna verdiyi müsahibələrdə, fevralın 26-da   yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış – müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda dəyirmi masada, mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin  “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirdiyi  müzakirələrdə  Ermənistanın 30 illik işğal siyasəti, müharibə və postmüharibə dövrləri ilə bağlı bütün məsələlərə aydınlıq gətirdi. Dövlətimizin başçısının təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə mayın 12-13-də Azərbaycanın mədəniyyət paytaxtı  Şuşada keçirilən  «Xarıbülbül» musiqi festivalı böyük siyasi-mədəni tədbir kimi milli-mənəvi dəyərlərimizin və tolerantlığın dünyaya təqdimatı olmaqla  yanaşı,   dünyaya dövlətimizin və xalqımızın  mesajı oldu», – deyə V. Rəhimzadə vurğulayıb.

Baş redaktor istər Respublika Günü münasibətilə dövlətimizin başçısı İlham Əliyevə ünvanlanan təbrik məktublarında, istərsə də   videoformatda keçirilən konfranslarda, tədbirlərdə səsləndirilən  fikirlər əsasında bu ümumiləşdirməni aparıb ki, 30 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycan bu gün  böyük qürurla qalib, ən əsası  ədaləti bərpa edən dövlət kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünü qeyd edir: «Dövlətinin, xalqının gələcəyini düşənən Lider üçün əlbəttə, bu, böyük xoşbəxtlikdir. Ölkə   Prezidenti  gələcəklə bağlı dəqiq mesajlar verir və bildirir ki, 30 illik işğala, azad olunmuş ərazilərdə kütləvi dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Bütün bunlar isə kommunikasiyaların və yeni nəqliyyat dəhlizlərinin açılmasına bağlıdır. Zəngəzur dəhlizinin açılması yalnız  Ermənistan və Azərbaycan üçün deyil, bütövlükdə region ölkələri üçün yeni imkanlar yaradacaq.»