Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin hər bir müsahibəsi həqiqətlərimizin təbliği üçün zəngin mənbədir

“Dövlət başçısı İlham Əliyevin hər bir nitqi, yerli və xarici mətbuata müsahibələri reallıqlarımızın təbliği ilə yanaşı,  ölkə Prezidentinin  natiqlik məharətini, zəngin diplomatik təcrübəsini, dünya miqyaslı siyasi lider obrazını, hər bir fikrini konkret faktlarla  əsaslandırmaq bacarığını nümayiş etdirir.  Bu baxımdan möhtərəm Prezidentimizin  avqustun 14-də “CNN Türk” televiziya kanalına müsahibəsi mühüm  məqamlarla, çağırışlarla  diqqəti cəlb edir. Cənab İlham Əliyev sözügüdən  müsahibədə telekanalın suallarını qalib ölkənin qalib Lideri kimi cavablandırdı. Digər mühüm məqam isə odur ki, daim dövlətinin, xalqının sabahını düşünən, gələcəyə hesablanmış siyasəti, yeni təkmil islahatları ilə Azərbaycana  davamlı uğurlar qazandıran Prezidentin  əldə olunan nailiyyətlərdən, dövlətimizin beynəlxalq hüquqa əsaslanan balanslaşdırılmış xarici siyasəti nəticəsində ayrı-ayrı ölkələrlə qurduğu əməkdaşlıq əlaqələrindən, postmüharibə dövrünün reallıqlarının gerçəkləşdirilməsi məqsədilə  möhkəm hüquqi bazanın mövcudluğundan məmnunluğunun  aydın ifadəsini yaradır. Əsas olan budur ki, Azərbaycan müstəqilliyinin 30-cu ildönümünü Prezident İlham Əliyevin qətiyyəti,  ordumuzun  rəşadəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində ərazi bütövlüyü təmin olunan, işğaldan azad edilən torpaqlarında üçrəngli bayrağı dalğalanan,  30 ilin işğalına 44 gündə son qoyan qalib ölkə kimi qeyd edəcək.  Sözügedən müsahibə, ümumilikdə, Prezident İlham Əliyevin  güclü, öz xalqını dərindən sevən, bütün qüvvə və bacarığını Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın ən böyük arzularının gerçəkləşdirilməsinə sərf edən, bütöv bir millətin sevgi və böyük dəstəyini qazanmış Lider olduğunu təqdim edir.  Möhtərəm Prezidentimiz bu etimadı, nüfuzu, inamı   ölkəmizi  güclü dövlətə çevirməklə,  ərazi bütövlüyümüzü bərpa edib ümummilli lider Heydər Əliyevin vəsiyyətini,  Azərbaycan xalqının bütün istək və arzularını gerçəkləşdirməklə qazanıb.  Prezident İlham Əliyevin müsahibədə “Müharibənin ilk günlərində  bəziləri düşünürdü ki, görən dayanacaqlarmı, dayanmayacaqlarmı, dayandıracaqlarmı, dayandırmayacaqlarmı, İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi amma müharibə davam etdikcə hər kəs gördü ki, öldü var, döndü yoxdu sona qədər gedəcəyik” fikri bütün bu dediklərimizin ümumiləşdirilmiş ifadəsi, dövlət başçısının  xarakterini, şəxsi keyfiyyətlərini, qətiyyətini, cəsarətini, vətənpərvərlik nümunəsini təqdim edən tezisdir.”

V.Rəhimzadə qeyd edib ki,  Azərbaycan işğalın davam etdiyi  30 ilə yaxın müddətdə sülh siyasətinə sadiqlik nümayiş etdirərək bu gün artıq  tarixə qovuşan Dağlıq Qarabağ  münaqişəsinin həlli istiqamətində aparılan danışıqların  nəticə verməsi üçün  ciddi səylər göstərdi:  “Amma dünyanın ikili standartlara əsaslanan  siyasəti nəticəsində Ermənistanın müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayınması, həlledici məqamlarda təxribatlar törətmək cəhdləri  diqqətdən kənarda qalmadı. Açıq-aydın göründü ki, Ermənistan münaqişənin həllində maraqlı deyil, yeni müharibə planları hazırlayır.  44 günlük  Vətən müharibəsində  Ermənistanın  işğal altında olan  ərazilərimizdə qurduğu istehkamları, havadarları tərəfindən, necə deyərlər, təpədən-dırnağadək silahlandırılmasını gördükdə bunu bir daha təsdiqlədik.   Himayədarlarının dəstəyi ilə danışıqları imitasiya naminə aparan, özü üçün vaxt qazanıb istehkamlar quran, silahlanan Ermənistan sonda  Azərbaycan Ordusu tərəfindən  necə diz çokdürüldüyünün şahidi oldu.

Dövlət başçısı İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində də diqqəti bu məqamlara, xüsusilə ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsizliyinə yönəldərək bildirmişdir ki,  son illər ərzində dəfələrlə demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu: “Dediyim sözlər həyatda öz yerini tutdu və Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü bərpa etdi.”

Baş redaktor vurğulayıb ki, dünya 30 ilə yaxın müddətdə Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, BMT-nin məlum qətnamələrini necə kobud şəkildə pozmasına göz yumduğu kimi, 44 günlük İkinci Qarabağ müharibəsində də  erməni vəhşiliklərini görməzdən gəldi, işğalçıların dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri  vandalizm aktlarına münasibətdə seyrçi mövqedə dayanmağa üstünlük verdi: “Döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan silahlı qüvvələrinin   cəbhə xəttindən xeyli uzaqda yerləşən  ərazilərimizi raketlə atəşə tutmaları,   mülki şəxlərin ölümünə,  yaralanmasına, böyük dağıntılara səbəb olan təxribatlarına biganə yanaşan dünya birliyi bununla 30 illik dövrdə ədaləti hansı meyarlarla qoruduğunu nümayiş etdirdi. Şəhər və kəndləri intensiv surətdə atəşə tutması, müharibə cinayətləri törətməsi  Ermənistanın təcavüzkar dövlət olduğunu, onun hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüquqa sayğısız yanaşdığını,  müharibə cinayətləri törətməsini işğalçılıq siyasətinin tərkib hissəsinə çevirdiyini təsdiqlədi.”

Vüqar Rəhimzadə  bildirib ki, artıq bütün bunlar tarixə qovuşub: “Azərbaycan özünün çağdaş tarixində yeni səhifə açıb. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri həyata keçirilir. Bu torpaqlarda ermənilər tərəfindən  bütün infrastrukturun dağıdılması və talan edilməsi, hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması ilə bağlı gərgin iş aparılması, bu işlərin planlı şəkildə, maksimal sürətlə həyata keçirilməsi göz önündədir.  Reallıqlar  Ermənistanın dağıdıcı, Azərbaycanın isə qurucu, yaradıcı olduğunu təsdiq edir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi,  bərpa və yenidənqurma işlərinin başa çatdırılmasında əsas rəqib zamandır. Qayıdış üçün bizə zaman lazımdır. Çünki 30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir.  Lakin  vətəndaşlarımızın ən qısa müddətdə qayıtmalarını təmin etmək üçün sistemli işlər həyata keçirilir. Birinci pilot layihə artıq gerçəkləşir. Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna,  gələn ilin əvvəlinə hazır olacaq.”

Baş redaktor qeyd edib ki, müsahibədə dövlət başçısı İlham Əliyevin diqqət göstərdiyi əsas məsələlərdən biri bu oldu ki,  Azərbaycan və Ermənistan arasında  sülh müqaviləsinin imzalanması, Zəngəzur koridoru başda olmaqla kommunikasiyaların açılması, sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə və digər məsələlərin həllinə maneə törədən yeganə səbəb Ermənistanın ya buna hazır olmaması, ya da bunun əleyhinə olmasıdır: “Dövlət başçısının da vurğuladığı kimi, Ermənistanda ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya o dərəcədə insanların və hakim dairələrin beyinlərini zəhərləyib ki, onlar bunu istəsələr də, dilə gətirə bilmirlər.  Çünki onların otuz il ərzindəki ideoloji sütunları, mifologiya darmadağın edildi. Erməni ordusunun “müzəffər ordu” olması 44 gün ərzində yerlə-yeksan edildi.  30 il ərzində özləri haqqında olmazın yalanlarını uydururdular. Dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların “müzəffər, yenilməz ordusu” var, erməni xalqı döyüşkən xalqdır.  Bəs nə oldu? Bütün bu miflər  darmadağın edildi.”

Hazırkı dövrün çağırışlarına, Azərbaycanın gözləntilərinə gəldikdə isə V. Rəhimzadə  bildirib ki,  üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsi üçün Rusiyadan gözləntilər böyükdür.  Çünki bu üçtərəfli Bəyanatın imzalanmasında Rusiya vasitəçi olmaqla yanaşı, iştirakçı tərəfdir. İstər 10 noyabr Bəyanatının, istərsə də 11 yanvar razılaşmasının icrası istiqamətində Rusiya konstruktkiv addımlar atmalıdır.  Rusiyanın  Ermənistanı silahlandırmaması da gözləntilər sırasındadır. Əvvəldə də qeyd etdiyimiz kimi, Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin məhv edilmiş və yaxud qənimət kimi götürülmüş hərbi texnikası, silah-sursatı bu kasıb ölkənin himayədarları tərəfindən silahlanmasına aydınlıq gətirdi. Prezident İlham Əliyevin də müsahibəsində qeyd etdiyi kimi, müharibə başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır.”

Baş redaktor  problemlərin yaşanmasında dünyanın ikili siyasətinin əsas rol oynadığını önə çəkərək,  hazırkı postmünaqişə dövründə də bunun şahidi olduğumuzu diqqətə çatdırıb: “Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlara hazır olduqlarını, bununla yanaşı,  ATƏT-in Minsk qrupundan təkliflər gözlədiklərini xüsusi vurğulamaqla məsələyə üçüncü dövlətin müdaxiləsinin hələ də gündəmdə olmasına aydınlıq gətirir. Sual olunur: 30 ildə konkret təklif ortaya qoymayan, hər zaman işğalçıya dəstək missiyasını yerinə yetirən, Azərbaycanın tarixi Zəfəri ilə vasitəçilik missiyası bitmiş hesab olunan  ATƏT-in Minsk qrupu sülh müqaviləsinin imzalanması ilə bağlı hansı təkliflə çıxış edə bilər?  Yenə  Ermənistan üçün vaxt qazanıb onun silahlandırılmasına şərait yaratmaqmı istəyirlər?  Görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Azərbaycan belələrinə bu  dərsi yenidən verməyə hazırdır.”

Vüqar Rəhimzadə diqqəti bir daha dövlət başçısı İlham Əliyevin müsahibəsində Azərbaycanın tarixi Zəfərini şərtləndirən amillərdən geniş bəhs edilməsinə yönəltmişdir. Bildirmişdir ki, bu gün dünyaya səs salan, Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik münasibətlərimizi Qarabağımızdan dünyaya bi mesaj kimi ünvanlayan Azərbaycan-Türkiyə dostluğu əbədidir,  iki qardaş ölkə ən çətin məqamlarda daim bir-birinin yanındadır: “İkinci Qarabağ müharibəsində  Azərbaycan xalqı  gördü ki, onun əsl dostu, qardaşı kimdir. Azərbaycanın yanında  olan ölkələr Türkiyə və Pakistan idi.  Birliyimiz  əbədidir. Yeni nəsil, gənc nəsil bu yolu davam etdirməlidir.  Bu yol əbədi olmalıdır.   Vətən müharibəsində Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi, Prezident Rəcəb Tayyib Ərdoğanın dünyaya ünvanladığı “Azərbaycan tək deyil” mesajı Zəfərimizə gedən yola işıq saldı. Bu gün isə Azərbaycan bütün varlığı ilə təbii fəlakətlərlə üz-üzə qalan qardaş Türkiyənin yanındadır. Hazırda  dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur.  Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir.”

Baş redaktor bu ümumiləşdirməni aparıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir müsahibəsi istər 30 illik işğal, istər Vətən müharibəsi, istərsə də postmünaqişə dövrünün reallıqlarını öyrənmək üçün zəngin mənbədir.