Qarabağ tez bir zamanda regionun ən inkişaf etmiş bölgəsinə çevriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevral ayının 26-da
xarici və yerli Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə baş tutmiu mətbuat
konfransında cavablandırdığı suallar və verdiyi təhlillər yenə dünya ictimaiyyətinin və
mətbuatının gündəminə çevrildi. 44 günlük Vətən Müharibəsindən sonra ərazilərin
minalardan təmizlənməsi və tez bir zamanda bərpa-quruculuq işlərinə başlanması bu
gün dövlətin qarşısında duran ən əsas vəzifələrdəndir. Və bu iş əvvəldən də cənab
Prezidentin dediyi kimi planlı şəkildə həyata keçirilir.

Qarabağ tez bir zamanda regionun ən inkişaf etmiş bölgəsinə çevriləcək
İlk növbədə işğaldan azad olunmuş bölgələrdə yol infrastrukturunun bərpası və yeni
yolların çəkilməsi. Belə ki, Fizuli rayonunda bu yaxınlarda ölkə başçısı tərəfindən
təməl qoyulan yeni aeroportun tikintisi sürətlə gedir. Paralel olaraq Şuşa şəhərinə iki
avtomobil yolu salınır, hansı ki, birinin adını cənab Prezident “Qələbə yolu”
adlandırmışdır. Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan birbaşa
gediş-gəlişi təmin edəcək ki, bu da xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər
ölkələrin vətəndaşları Qarabağa rahat gəlmək imkanına malik olacaqlar;
Mətbuat konfransında cənab Prezident bildirmişdir ki, şəhərlərin baş planları
tərtib edilməlidir. Çünki bu ərazilərdə artıq əhali sayı çoxalıb. Ağdam şəhərinin əhalisi
müharibədən təqribən 40 minə yaxınidi. İndi burada əhalinin sayı artıb, 50 mindən
çox olub. Odur ki, 50 minlik, bəlkə də 70 minlik bir şəhər planlaşdırılmalıdır,
infrastruktur yaradılmalıdır. Ondan sonra binalar inşa edilməlidir, o cümlədən
məktəblər, xəstəxanalar. Bu, böyük bir zaman tələb edir. Azərbaycanın yarışacağı
əsas tərəf müqabili zamandır. Çünki vəsait də var. Bütün güclər də səfərbər edilib;
Bu bğrpa-quruculuq işlərinə dost ölkələr də cəlb olunacaq. Şəhərlərin
planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların,
körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlı sifarişlər artıq edilib. İşin həcmi
çox böyükdür. 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Buna görə bütün
dostları üçün kifayət qədər iş var.
Əlbəttə ki bu işlər yeni iqtisadi imkanlar yaradacaq. Görüləcək infrastruktur
layihələr hesabına Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Bu cür layihələr
ümumən regionun geosiyasi statusunu dəyişdirəcək;
– Böyük Qələbənin bir müsbət tərəfi də o oldu ki, Azərbaycan daha cəlbedici
investisiya ölkəsinə çevrildi. İndi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə
sərmayə qoyacaqlar. Hamı başa düşür ki, hərbi əməliyyatların yenidən başlanması
riski praktik olaraq, sıfra endirilib. Azərbaycana gəlincə, bizim tərəfimizdən heç bir
təcavüzkar hərəkətlər olmayacaq;
Suallara cavab verərkən dövlət başçısı onu da bildirdi ki, irimiqyaslı layihələr
böyük maliyyə vəsaiti tələb edir. İcra olunacaq layihələr bir neçə milyard dollar vəsait
tələb edəcək. Üç hava limanı inşa edilir. 100 kilometrlərlə dəmir yolu çəkiləcək. Bəlkə
minlərlə kilometr avtomobil yolu çəkiləcək, həm şəhərlərarası, həm kəndlərarası.
Bütün kəndlərə asfalt yol çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı
layihələr bu ilin sonuna qədər icra ediləcək. Ondan sonra içməli su və bununla bağlı
işlər, kənd təsərrüfatı işləri, ondan sonra bir milyon insanı ora qaytarmaq üçün nə
qədər inşaat işləri aparılmalıdır. Məktəblər, xəstəxanalar, idman kompleksləri,
mədəniyyət ocaqları.
Qarabağın böyük turizim potensialına malik olması hər kəsə məlumdur. Eləcə
də ərazidə çoxşaxəli və müxtəlif təyinatlı logistik layihələr icra olacağı nəzərdə
tutulur. Aeroportların tikilməsi təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Zəngilanın çox
mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da
aeroportların tikilməsi planlaşdırılır. Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş
xüsusi investisiya proqramı təsdiq edilib. Bağlanmış müqavilələr əsasında ilk
ödənişlər də edilib;
Qarabağın həmçinin böyük kənd təsərrüfatı potensialı mövcuddur. İşğaldan azad
olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyəti üçün zəngin imkanlar var. Müvafiq
işlərin görülməsi artıq başlanıb və 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib.

Bu sözləri deyərkən İlham Əliyev həmçinin diqqəti alternativ enerji istehsalının
inkişafına çəkir: Qarabağ alternativ enerji mənbəyinə çevriləcək. Hələ müharibədən
əvvəl Azərbaycan bərpaolunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşdu. İki
iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik
stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib. Dünyanın
aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli
sürüb.
Çox güclü küləklər olduğu Kəlbəcər-Laçın zonasında külək stansiyaları,
Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları tikiləcək. Beləliklə, bu gün
Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində
işləmək tapşırığı verilib. Qarabağı “yaşıl enerji” zonası elan etmişik və bunun üçün,
ilk növbədə, investorları gözləyirik.
Cənab Prezidentin dediklərindən bir daha aydın oldu ki, tez bir zamanda Qarabağ
regionun ən inkişaf etmiş ərazilərindən birinə çevriləcək burada müasir infrastruktur
inşa olunacaq. Fizuli aeroportunun tikintisi ilə əlaqədar ərazinin minalardan
təmizlənməsi ilə bağlı məsələlərin həllinə operativ surətdə başlanıb. Aeroportun
uçuş-enmə zolaqları və aeroportun fəaliyyətini təmin edəcək naviqasiya sistemləri
operativ istifadəyə veriləcək. Aeroport beynəlxalq hava limanı olacaq. Uçuş-enmə
zolaqları ən ağır təyyarələr və yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri
qəbul edə biləcək. Hava limanından həm xaricdən alacağımız yüklər nəzərə
alınmaqla ərazilərin bərpası üçün, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa
şəhərinə rahat gedib-gəlmələri üçün istifadə olunacaq.
Ümumiyyətlə bərpa işləri sistemli və planlı şəkildə həyata keçiriləcək. Şəhərlərin
və kəndlərin inkişafının baş planlarının tərtib işləri gedir. Vətəndaşların qayıtması
üçün əsas mərhələlər bunlardır. Pilot layihələrin icrası da başlanıb. Bir layihə – “ağıllı
kənd” layihəsi artıq icra olunur. 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar
üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılmalıdır.
Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə
layiqdirlər;
“Ağıllı kənd” layihəsi artıq reallaşmaqdadır. Zəngilan rayonunun üç kəndində
– Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Cari ilin
sonuna qədər layihə tam başa çatacaqdır. Orada təqribən 1000-ə yaxın insan
yerləşəcək. Lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar
oraya qayıdacaqlar.
Əlbəttə ki, bərpa edilmiş bu işlərin qorunması, təhlükəsizliyi təmin etməlidir.
Ərazilərinin xeyli hissəsini həm hərbi, həm də sülh yolu ilə qaytardıq. İndi bizim əsas
vəzifəmiz həmin ərazilərin bərpa edilməsi, keçmiş köçkünlərin qaytarılması və bu
insanların normal həyatının təmin edilməsidir. Bunu şəraitdən, strateji planlardan
asılı olaraq mərhələli şəkildə etmək lazımdır;
Ərazilərin bərpa olunması üçün ilkin olaraq dövlət tərəfindən 2,2 milyard
manat investisiya ayrılmışdır. Qarabağın bərpası barədə təklif edilmiş investisiya
proqramından bu il həyata keçiriləcək layihələrdən təxminən bir milyard manatı
praktik olaraq paylanıb. Layihələr infrastruktur layihələridir, onlara vəsait ayrılır. Bu,
elektrik enerjisi, yollar, dəmir yolları, minalardan təmizləmə və sairə sahələrdir.
Bütün bunlar əlbəttə, tez bir zamanda Qarabağın yenidən Azərbaycanımızın dilbər
guşəsinə çevrilməsini və insanlarımızın şad, firavan yaşamasını təmin edəcəkdir.
Çünki ölkənin dəmir iradəli, dərin təfəkkürlü bir dövlət başçısı vardır.

Rəfail Mehdiyev
Xətai rayon 64 nömrəli tam orta məktəbin direktoru