Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb

ATƏT-in Minsk qrupu həmsərdlərinin sonuncu dəfə Azərbaycana səfərindən sonra ötən bir il ərzində bölgə və dünyadakı vəziyyət dəyişmişdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir.
Status-kvo güc yolu ilə, Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti  sayəsində dəyişdirilmişdir.

Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb
    Minsk  qrupu həmsədr ölklərinin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi.
Prezident İlham Əliyev öz çıxışında bildirmişdir: “Hərbi variant yoxdur” deyənlər  sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər.
Hazırda Rusiya sülhməramlıları Dağlıq Qarabağda öz fəaliyyətinə başlayıblar. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib. Vəziyyət müəyyən dərəcədə sabitdir.
    Sülhyaratma əməliyyatları müzakirə olunmuş razılaşmanın, Madrid prinsiplərinin bir hissəsidir.Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub.
10 il əvvəl Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri birgə bəyannamə ilə çıxış edərək status-kvonun qəbuledilməz olduğunu bildirmişlər. Azərbaycan bəyannaməni dəstəkləsə də, müəyyən vaxtdan sonra həmsədr ölkələrin liderləri  status-kvonun onlar üçün qəbul edilən olması haqda mesajlar vermişlər.
Pezident İlham Əliyev bidirmişdir: Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb.
Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi.
BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu?
   Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər.
Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistanı işğal etdiyi əraziləri tərk etməsi üçün mesaj verə bilərdi, lakin belə mesaj verilməyib.
   Ermənistana ciddi sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələrini geri çəkərdi.
İşğal etdiyi ərazilərin kiçik hissəsindən belə çıxarması üçün Ermənistana təzyiq olunmayıb.
Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir.
Münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edib.
Minsk qrupunun gələcək mandatı şübhəlidir və Azərbaycanla razılaşdırılmalıdır.
Prezident İlham Əliyev: Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm.
    ATƏT-in Minsk qrupunun həmsədrləri regiona qərəzsiz və kollektiv qaydada sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yarandığını etiraf edirlər.
     Minsk qrupunun gələcək mandatının da Azərbaycandan asılı olduğu qəbul edilir.
Azərbaycan və Ermənistan ordularının müqayisəsi zamanı Pezident İlham Əliyev bildirmişdir: Ermənistan döyüş meydanında məğlub olaraq  kapitulyasiya Bəyanatı imzalamağa məcbur olmuşdur.
Ermənistan üçün alçaldıcı kapitulyasiya imzalamasının tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür.
Ermənistanın əvvəlki rəhbərlərinin vaxtında nəticə olmasa da, danışıqlar gedirdi,    Paşinyan  danışıqlar prosesinin formatını alt-üst etməyə cəhd etmişdir, onun təxribatçı hərəkətləri və bəyanatları danışıqları tamamilə mənasız etmişdir.
Paşinyanın 7 şərtinə qarşı Azərbaycanın yeganə şərti işğalçının torpaqlarımızdan çıxması olmuşdur. İkinci Qarabağ müharibəsinin gedişində də  Azərbaycan tərəfinin yeganə şərti bu olmuşdur.
     Prezident İlham Əliyev: Paşinyan yalançıdır, indi də yalan danışmağa davam edir.
Paşinyan Sarkisyan və Köçəryan rejiminə qarşı etiraz dalğası üzərində hakimiyyətə gəlmiş təsadüfi insandır.
Paşinyan  səhv etdi və layiqli cəzasını aldı. O, bu alçaltmaya layiqdir.
Ermənistan ordusu darmadağın edildi, ruhdan düşdü və artıq nəsə etmək üçün heç bir imkana malik deyildi.
Sırvavi ermənilər zorla orduya cəlb edilmiş, əsgərlər qaçmasın deyə səngərlərdə   bir-birinə zəncirlənmişdir.
Xüsusi şəxslər Ermənistan qoşunlarının arxasında dayanaraq qaçmağa cəhd edən öz millətinin nümayəndələrini qətlə yetirirdilər.
Azərbaycan Ordusu məğlubedilməz olduğunu nümayiş etdirmiş, işğal olunmuş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində azad etmişdir.
    Üçtərəfli bəyanat imzalandıqdan dərhal sonra Azərbaycan döyüşü dayandırmışdır.
Azərbaycan yalnız Vətən müharibəsi aparmışdır, etnik təmizləmə və ya başqa ölkənin ərazilərini tutmaq kimi heç bir hədəfi olmamışdır. Halbuki, Azərbaycan ordusunun potensialı buna tam imkan verir.
Azərbaycan Sarkisyan və Köçəryan ordusunu məğlub etmişdir.
İşğalçıların Ermənistan ordusu və demək olar ki, erməni dövləti məhv olmuş,   erməni millətçilərinin üzdəniraq “artsax” xülyaları dağıdılmışdır.
Rusiya Prezidentinin müraciəti əsasında Azərbaycanın Kəlbəcərin boşaldılması üçün verdiyi əlavə 10 gün  vaxtdan ermənilər qarət, vandalizm, vəhşilik, ekoloji terror məqsədilə istifadə etmişlər.
    Kəlbəcərdə meşələr, su elektrik stansiyaları, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda bütün yaşayış binaları, tarixi-mədəni abidələr dağıdılmışdır.
Ermənistanın və qondarma Dağlıq Qarabağ rejiminin rəhbərləri müharibə caniləridirlər. Gəncənin ballistik raketlə atəşə tutulması, Bərdə və Tərtər şəhərlərinin kasetli və fosforlu sursatla atəşə məruz qalması, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma hərbi cinayətlərdir.
Sarkisyan və Köçəryan hərbi cinayətkardırlar.
Erməni işğalçılarının mülki əhaliyə, infrastruktura, dini və mədəni abidələrə vurduğu ziyanın müvafiq təhlili aparılır. Hər bir şey sənədləşdiriləcək və  zəruri hüquqi   addımlar atılacaq.
  Qanunsuz məskunlaşdırma hərbi cinayətdir. İşğal olunmuş ərazilərdə suriyalı erməniləri yerləşdirməyi planlaşdırırdılar və onlardan muzdlular kimi istifadə edirdilər. Əlimizdə ermənilərin istifadə etdiyi muzdlular barədə saysız-hesabsız faktlar var.
Xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi.
Ermənistan faşizmi yenidən baş qaldırarsa, onun başını dəmir yumruqla əzəcəyik. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil.
    Azərbaycan dövlətinin erməni xalqı ilə problemi yoxdur. Bizim davamız işğalçılarladır, ərazimizi işğal edən cinayətkarlarladır.
Azərbaycan vətəndaşı olan ermənilər təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər.
Dağlıq Qarabağın erməni icmasının güzəranı Azərbaycan idarəçiliyi altında daha yaxşı olacaq. Qondarma rejim öz erməni vətəndaşlarını səfalət içində, qul kimi yaşamağa məcbur etmişdir.
    Artıq Ağdam rayonunda Monitorinq Mərkəzi yaradılır. Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Bu, regional əməkdaşlığın çox yaxşı təzahürüdür.
    Regiona yeni canlanma gətirilməlidir. Regionda yeni inkişaf olmalıdır. Azərbaycan buna hazırdır.
Ermənistanın regional əməkdaşlıq platformalarında təmsil olunması Paşinyan rejimindən, yaxud da həmin rejimi devirəcək dairələrdən asılı olacaq.
Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər.
Beynəlxalq ictimaiyyət Ermənistana birbaşa mesaj verməlidir. Gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcəksiniz!
Naxçıvanla quru əlaqəsinin yaradılması həyati əhəmiyyət kəsb edir, vacib tarixi nailiyyətdir və regionun gələcəyi ilə bağlı müzakirələr üçün yeni imkanlar yaradır.