Biz hər zaman beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək veririk

YAP Xətai rayon təşkilatı, Gənclər birliyinin sədri Orxan Bayramov

Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri  Cənab İlham Əliyev videoformatda dərin məzmumlu və əhatəli çıxış edərək, olduqca əhəmiyyətli məsələlərə toxundu. Ölkəmizin başçısı iclasda insan hüquqlarının pozulması, maliyyə böhranları, silahlı münaqişələr, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizmin mənfi təsirləri haqda öz fikirlərini ifadə etdi. Cənab İlham Əliyev beynəlxalq hüququn təmin edilməsi məqsədilə səmərəli qlobal təsisatlara ehtiyacı olduğunu, bu baxımdan Qoşulmama Hərəkatının mühüm əhəmiyyət daşıdığını və BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına ehtiyac olduğunu da xüsusi olaraq vurğuladı. Hesab edirəm ki, BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir.


Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv olmuşdur və təqribən 30 illik müstəqilliyi dövründə Azərbaycan BMT ilə səmərəli əməkdaşlıq qurmuşdur. Ölkəmiz 155 dövlətin dəstəyi ilə 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində də olduqca vacib rol oynayır. 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda keçirilmişdir. Bundan əlavə, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını təşkil etmişdir. Həmin idman yarışları da mədəniyyətlərarası dialoqa mühüm töhfə olmuşdur.
BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda ümumilikdə 182 ölkənin dövlət və hökumət başçısı təmsil olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı isə sayca altıncı idi. Dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası 2016-cı ildə 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatının sədri seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında keçirilən COVID-19-a qarşı onlayn formatda Zirvə görüşündə Qoşulmama Hərəkatı adından Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və bu təşəbbüsü 130-dan çox ölkə dəstəklədi.
2020-ci il isə Qoşulmama Hərəkatı üçün xüsusilə əlamətdardır, çünki Hərəkatın təməl prinsiplərini özündə əks etdirən Bandunq Bəyannaməsinin qəbul edilməsinin 65 illiyi qeyd edilir.
İclasda Qoşulmama Hərəkatının sədri,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev artmaqda olan, BMT Nizamnaməsini və beynəlxalq hüququ sarsıdan, birtərəflilik və birtərəfli tədbirlərdən istifadə halları ilə bağlı ciddi narahatlığını vurğuladı. Belə ki, təşkilata üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmiş və  işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir və işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan münaqişəsi birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.
Azərbaycan sabit, müasir və demokratik ölkədir və  biz hər zaman beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək veririk. Azərbaycan BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün hər zaman üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır