Xətai Rayon Bələdiyyəsi Azərbaycan polisinin 100 illiyi və 2 İyul Polis Günü münasibətilə bayram toplantısında iştirak etdi

Xətai Rayon Polis İdarəsinin  və Rayon Mühafizə Xidmətinin rəhbərlərinin və şəxsi heyətlərinin iştirakı ilə keçən tədbir ümummilli lider Heydər Əliyevin rayonun mərkəzi parkındakı abidəsinin ziyarəti ilə başladı.

Bayram tədbirində Azərbaycan Respublikasının Daxili İşlər naziri Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubu oxunduqdan sonra, rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov çıxış etdi. Natiq 100 illik yubileyini qeyd edən Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salaraq bildirdi ki, bizim polisimiz ən ağır, təlatümlü vaxtlarda belə hər zaman xalqın güvənc yeri olub, cinayətkarlığa qarşı mübarizə aparan, xalqın asayişini mühafizə edən bir orqan kimi böyük hörmətə layiq görülüb. Onun keçdiyi şərəfli, ziddiyyətli və tarixi yola ən obyektiv qiyməti ümummilli lider Heydər Əliyev verərək demişdir: “Bu tarixi dövrdə Azərbaycan polisinin, milisinin, daxili işlər orqanlarının çox əhəmiyyətli nailiyyətləri də, itkiləri də, uğurları da, səhvləri də olub. Bu tarixin çox parlaq səhifələri də, ancaq ləkəli, qara səhifələri də vardır. Amma bunların hamısı bizimdir, Azərbaycanındır, xalqınındır. Bu, bizim xalqın tarixinin səhifələridir”.
Razim Məmmədov qeyd etdi ki, artıq 25 ildir ki, Azərbaycan polisi özünün müstəqillik tarixini yazır və bu tarix çox dəyərli və şərəfli hadisələrlə zəngindir. Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin gərgin əməyi sayəsində ölkədə yaranan sabitliyin və əminamanlığın qorunmasında polisin müstəsna xidmətləri danılmazdır. Məhz buna görə ölkə başçısı çıxışlarında onların əməyini daim yüksək qiymətləndirərək deyir: “Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm və bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm”.
Toplantıda çıxış edən Xətai Rayon Polis İdarəsinin rəisi polis polkovniki Muradəli Babayev  hələ sovet hakimiyyəti illərində ümummilli lider Heydər Əliyevin Azərbaycan polisinin  milliləşdirilməsi işindəki xidmətlərindən bəhs edərək bildirdi ki, Azərbaycanın daxili işlər orqanlarının həqiqi inkişafı, onların milliləşdirilməsi biləvasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra Daxili İşlər Nazirliyinə dövlət qayğısı göstərilməyə, onun sıralarının təmizlənməsinə, xalqa və xidməti vəzifəsinə sədaqətli olan kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinə, onların peşəkarlıqlarının təkmilləşdirilməsinə diqqət artırılmağa başlanmışdır.
İdarə rəisi qeyd etdi ki, xalqımızın ümummilli lideri  Heydər Əliyev siyasətini əzmlə davam etdirən Prezident İlham Əliyevin milli inkişaf strategiyasında da daxili işlər orqanlarına  diqqət  xüsusi yer tutur. Dövlətimizin başçısının məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın əldə etdiyi misilsiz nailiyyətlər, cəmiyyətimizin sivil beynəlxalq məkana sürətlə inteqrasiyası Azərbaycanın daxili işlər orqanları qarşısında da yeni-yeni vəzifələr müəyyənləşdirib. Bu inkişafın, tərəqqinin təməlində dayanan ictimai-siyasi sabitliyin göz bəbəyi kimi qorunması, ölkədə kriminogen durumun nəzarətdə saxlanması, cinayətkarlığa, xüsusən transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin daha səmərəli şəkildə təşkili, cəmiyyətdə konstitusion normalara, qanunun aliliyi prinsipinə riayət olunması bu vəzifələr sırasındadır.
Bayram təbriki ilə çıxış edən YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Xətai rayon prokuroru Yusif  İldırımzadə və başqaları qeyd etdilər ki, müasir Azərbaycan polisi cinayətkarlıqla mübarizədə, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi, insan hüquq və azadlıqlarının, ictimai təhlükəsizliyin təmin olunması, şəxsi heyətin ideya, bilik və mədəni səviyyəsinin yüksəldilməsi zamanı demokratik dövlətlərin təcrübəsindən istifadə edir, nəzəri və praktik əhəmiyyət daşıyan müasir forma və metodları fəaliyyət istiqamətlərində uğurla tətbiq edir.
Çıxışlarda əminliklə qeyd edildi ki, vətəninə, xalqına və Prezidentinə sadiq olan daxili işlər orqanları özlərinin zəngin təcrübəsi ilə həmişə olduğu kimi, bundan sonra da müstəqil Azərbaycan dövlətini daha da inkişaf etdirmək kimi milli ideyanın həyata keçirilməsinə layiqli töhfələr verəcəklər.
Bayram toplantısının sonunda Xətai Rayon İcra Hakimiyyətinin adından xidmətdə fərqlənən polis zabitlərinə fəxri fərmanlar və hədiyyələr təqdim edildi. Tədbirdə həmçinin, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyi tərəfindən Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova “Fədai”, rayon Polis İdarəsinin rəisi Muradəli Babayevə “Vətənpərvərlik işinin təşkilində göstərdiyi xidmətlərə görə” medalları təqdim olundu.