Aynur Sofiyeva: “Ailə Akademiyası” layihəsi cəmiyyətdə bələdiyyələrin imicini bir xeyli artıracaqdır”

Xətai Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsi, Xətai və Əhmədli bələdiyyələrinin birgə təşkilatçılığı ilə “Ailə Akademiyası” layihəsinin açılış tədbiri keçirilib.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva, Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının, Xətai və Əhmədli bələdiyyələrinin sədrləri və əməkdaşları, ictimai birlik və veteran təşkilatların, təhsil və səhiyyə ocaqlarının nümayəndələri iştirak ediblər.

Tədbiri açan Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qloballaşma şəraitində zamanın çağırışlarına uyğun olaraq baş verən bir sıra proseslərin ailə institutuna nəzərəçarpacaq təsir göstərdiyini qeyd edib.

“Ailə Akademiyası” layihəsinin əsas məqsədinin qloballaşmanın ailə institutuna təsiri fonunda ailə dəyərlərinin təbliği, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması, gənclərin hüquqi biliklərinin və müasir cəmiyyətin inkişafında rolunun artırılması olduğunu söyləyib.

A.Sofiyeva layihənin davamlılığı məqsədilə yerli özünüidarəetmə orqanları olan bələdiuyyələr tərəfindən müxtəlif mövzular üzrə ekspertlərin iştirakı ilə tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.

Komitə rəsmisinin sözlərinə görə, bu gün cəmiyyətdə bələdiyyələrə olan inam artıb: “İnanırıq ki, bu layihənin uğurlu icrası cəmiyyətdə bələdiyyələrin imicini müsbət təsir edəcək və xeyli artıracaqdır.”

Tədbirdə geniş məruzə ilə komitənin rəsmisi Gülnarə Məmmədova çıxış edib.

Tədbrin ikinci hissəsi Xətai bələdiyyəsində davam etdirilib.

İlk olaraq bələdiyyənin sədri Əliyar Əliyev çıxış edərək layihənin əhəmiyyətindən danışıb. Sədr bələdiyyənin bu prosesdə layiqli söz sahibinə çevrilməsi üçün hər bir imkanın olduğunu qeyd edib. İlk olaraq sədr bilıdirb ki, ailədaxili problemləri olan ailələrə bələdiyyənin hüquq komissiyası və onun üzvləri hər bir köməyi göstərməyi planlaşdırır, həmçinin vergi müfəttişləri hər zaman bildirişləri paylayan zaman bu layihə barəsində məlumatların vətəndaşlara çatdlırmağı öhdəsinə götürür.

Hər iki tədbirdə mövzunun müzakirəsində professor Rəna Mirzəzadə, Xətai rayon Ağsaqqallar şurasının sədri Qurban Əlizadə, Xətai bələdiyyəsinin üzvü Könül Əfəndiyeva, “Zəkalar” litseyinin şagirdləri Aygün Məmmədli və Arzu Paşayaeva, rayon sakini Bayram Xəlilov, aprel şəhidlərinin ailə üzvləri çıxşı edərək layihənin əhəmiyyətli olacağını xüsuslilə vurğulayıblar.

Naitqlər həmçinin müasir zamanda yaşlı nəslin təcrübəsindən faydalanmağın gənclər üçün önəmindən bəhs ediblər.

Tədbirdə ailə münasibətlərinin formalaşması, ailə tərbiyəsinin uşağın şəxsiyyət kimi inkişafında rolu, gənc qızlarda liderlik keyfiyyətlərinin formalaşması, yaşlı nəsil ilə gənc nəslin dialoqu, gənclərin, xüsusilə gənc qızların hüququ və vəzifələri kimi mövzular müzakirə olunub.

Belediyye.info